Bakı merinin göstərişi Nizami rayonunda qüvvədən düşür? NİZAMİ RAYONU TİKİNTİ POLİQONUNA ÇEVRİLİB


Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz tikintilərlə bağlı qəti mövqeyinə baxmayaraq, paytaxtda gizli inşaat işləri davam edir. “Bakı gündəliyi”nin izləyicilərindən biri məlumat verib ki, Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, yəni 61 saylı məktəbin ərazisində gecə-gündüz fasiləsiz tikinti aparılır.

Bakunews.az: Bu ərazi vaxtilə məktəbə məxsus olub, lakin sonradan zəbt edilib. İndi isə orada avtoyuma məntəqəsi və başqa obyektlərin inşa edildiyi bildirilir. Bayram günlərində, xüsusilə gecələr aparılan tikinti işləri, prosesin gizli həyata keçirildiyini və qanunsuz ola biləcəyini göstərir.

Rəsmi icazə verilib...?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyi öyrənilməlidir. Əgər bu tikinti icazəsiz aparılırsa, bu, Bakı meriyasının mövcud qərarına açıq şəkildə meydan oxumaqdır. Qeyd edək ki, Eldar Əzizovun bütün icra başçılarına məktubu mövcudur. Məktibda qeyd edilirki tabeliklərində olan ərazidə tikintilər tamam dayandırılsın və növbəti əmrə qədər heç bir tikintiyə rəsmi olaraq icazə verilməsin. Lakin görünən dağa nə bələdçi demək yerinə düşər.

Şəhər sakinləri və ərazidə yaşayanlar tikintinin dərhal araşdırılmasını və qanunsuzluğa son qoyulmasını tələb edirlər. Məsələ ilə bağlı rəsmi açıqlamalar əldə etdikcə, oxucularımızı məlumatlandıracağıq.

Xəbərlər