Tarixin yaddaşına hopmuş hər bir mühüm hadisənin arxasında bir millətin dirçəlişi, maariflənməsi, özünüdərk yolu dayanır. Azərbaycan xalqının bu yolda atdığı ən əlamətdar addımlardan biri, şübhəsiz ki, 1875-ci ilin iyulunda “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə reallaşdı. Həmin gün yalnız bir qəzetin ərsəyə gəldiyi tarix deyildi, həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı idi.
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.
AZƏRTAC əsası “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola bir daha qısa nəzər salır.
XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər. Onların ortaq səyi ilə “Əkinçi” yalnız bir qəzet deyil, həm də milli oyanışın, xalqı maarifə səsləyən ilk tribunaların biri oldu.
1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bu qəzet maarifçilik ideyalarını əsas missiya seçərək xalqı elmə, savada və düşüncəyə səsləyirdi. Hər səhifəsi bir çağırış, hər yazısı bir oyanış olan “Əkinçi” qısa müddətdə həm ziyalılar arasında, həm də sadə oxucuların qəlbində özünə yer qazandı. Təəssüf ki, bu fəaliyyət uzun sürmədi. Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə nüfuz etməsindən ehtiyatlanaraq maneələr yaratdı və sonda onun nəşri dayandırıldı.
Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər. XIX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər insanların maariflənməsinə, milli şüurun formalaşmasına, xalqımızın azadlıq amallarının gerçəkləşməsinə və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verdi. Bu baxımdan “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər nəşrlər xüsusi qeyd edilməlidir.
Yeri gəlmişkən qeyd edək ki, III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən maraqlı tədbirlərdən biri də “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda Laçında təşkil olunan dəyirmi masa idi. Bu tədbirdə çıxış edən media kapitanları qloballaşma dövründə informasiyanın cəmiyyət həyatındakı rolundan, əməkdaşlığın perspektivlərindən, AZƏRTAC-la əlaqələrindən və xəbər mübadiləsindən ətraflı söhbət açıblar.
Həmkarlarımızı peşə bayramları münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulayırıq.